Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. Bakının Nəsimi rayonunda iki gün öncə 70 sakin gecənin bir vədəsində yuxudan hövlnak ayılıb küçəyə tökülüb. Çoxmənzilli binanın 10-cu mərtəbəsində başlayan yanğın böyük əraziyə yayılmadan FHN əməkdaşları tərəfindən söndürülüb.
Bu ərəfədə iri tikinti bazarının da yanması həyəcan üzərinə həyəcan gətirir. Və tüstü boğazımıza dolan anda fikirləşirik ki, əcəba, bu binadan daha asan qurtuluş yolu var idimi? Yox idisə, niyə yox idi? Yanğınsöndürən və təcili yardım maşınları binaya niyə yaxınlaşa bilmirdi?
Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında yeni tikililərin çoxunda ara məsafəsinin gözlənilmədiyini deyir: “Bir hektarlıq, yəni 10 min kvadrat metrlik ərazidə maksimum 25 min kvadrat metr tikinti sıxlığı ola bilər. Yəni 25 min kvadratmetr sahəsi olan tikiliyə icazə var. Binalar arasındakı məsafə onun hündürlüyünün 1/3-i qədər olmalıdır. Bundan başqa, həyətdə uşaq meydançası, gəzinti üçün yer və avtomobillərin rahatlıqla girib-çıxması üçün şərait olmalıdır”.
“Mənzillərin iki misli qədərində daimi maşın dayanacağı üçün yerlər olmalıdır. Qarajların giriş-çıxışı mərkəzi yollardan 25 metr kənarda olmalıdır. Tikinti ilə bağlı tələblər çox olsa da, əksər tikinti şirkətləri son iki ilədək bu normativləri pozub. Artıq Şəhərsalma və Arxitektura Komitəsi bu məsələnin üzərində ciddi şəkildə işləyir”, - deyə o əlavə edib.
Ekspert tikinti ilə bağlı tələblərə cavab verən şirkətlərin də olduğunu vurğulayıb.
Tikinti məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında binalar arasında məsafənin çox yaxın olduğunu bildirib:
"Binalarda yanğın hadisələri baş verir. Hər mərtəbədə yanğın söndürmək üçün xüsusi şlanqlar var ki, onların işlək olub-olmaması sual doğurur. Aidiyyəti qurumlar tərəfindən bu məsələlər də mütəmadi olaraq yoxlanılmalıdır", - deyə həmsöhbətimiz əlavə edir.
O, artan mənzil tələbatının ödənilməsi üçün bəzən köhnə sakinlərin hüquqlarının pozulduğunu da bildirib: "Bəzən aidiyyəti olmayan yerlərdə də bina tikirlər. Hətta köhnə tikililərin arasında da yeni binaların tikilməsi halları müşahidə edilir. Hansı ki, həmin boş ərazilər köhnə binalarda yaşayan əhalinin rahatlığı, gəzintisi üçün nəzərdə tutulub".