“İlkin müahidələr göstərir ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri siyasi fəallıqla keçiriləcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Partiya sədri bildirib ki, aparılan təhlillər növbədənkənar keçiriləcək seçkilərə əhalinin böyük marağı olduğunu göstərir: “Azərbaycanda gedən siyasi proseslərdə aktiv şəkildə iştirak edən partiyalar bu seçkilərə qatılmağı vacib hesab edir. Əminəm ki, bu seçkilər Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə baş tutacaq. Yaxın bir həftə ərzində bu seçkilərə ciddi xarakter daşıyan marağın şahidi olacağıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Fəzail Ağamalının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz