BAKI, 12 dekabr — Sputnik. Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, seçki yerli vaxtla səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 11:00) saat 22:00-a (saat 02:00) qədər davam edəcək.
Seçkilərin nəticəsi əsasında Britaniya parlamentinin İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək.
"YouGov" sosioloji şirkəti tərəfindən aparılan son rəy sorğusu göstərir ki, hakim Mühafizəkarlar Partiyasının iqtidarda qalmaq şansı yüksəkdir.
Seçkilərdən sonra hakimiyyətə gələcək partiya ilk olaraq Böyük Britaniyanın Avropa İttifaqından çıxma problemini həll etməlidir.
Qeyd edək ki, 2016-cı il iyunun 23-ü baş tutan və bir sualdan ibarət (Böyük Britaniya Avropa İttifaqında qalsın, yoxsa çıxsın) referendum nəticəsində Böyük Britaniya vətəndaşları qurumdan çıxmağa qərar veriblər.
Belə ki, referendumun nəticəsinə əsasən, vətəndaşların 52%-i Krallığın Aİ-dən çıxmasının lehinə səs verib. Böyük Britaniyanın Aİ-dən çıxmasının 2019-cu il martın 29-na nəzərdə tutulmasına baxmayaraq, bu proses oktyabrın 31-ə qədər təxirə salınıb.