BAKI, 11 dekabr — Sputnik. Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışaraq energetika üzrə birgə layihələri və hərbi əməkdaşlığı müzakirə ediblər.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
"Ticari-iqtisadi əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıq mövzusu üzrə bir sıra vacib məsələlər müzakirə olunub. Energetika və hərbi-texniki əməkdaşlıq üzrə birgə layihələrin reallaşdırılmasının aktuallığı qeyd olunub", - məlumatda deyilir.
Həmçinin o da vurğulanıb ki, Ərdoğan Putini Londonda keçirilən NATO sammitindəki görüşləri barədə də məlumatlandırıb.
"Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Liderlər ölkənin şimal-şərqindəki İdlib vilayəti də daxil omaqla bölgədə terror təhlükəsi ilə mübarizə üçün birgə, razılaşdırılmış səylərin aktivləşdirilməsini vurğulayıblar. Bu regionlarda Rusiya-Türkiyə razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyi xüsusi qeyd olunub", - Kremlin məlumatında bildirilir.