Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda övladlığa verilən uşaqlarla bağlı monitorinq aparılacaq. Bu barədə Sptunik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydalarında monitorinqlərin həyata keçirilməsi qaydaları öz əksini tapıb. Qaydalarda qeyd edilir ki, övladlığa götürülmə məhkəmə tərəfindən təsdiq edildikdən sonra uşaq 18 yaşına çatanadək övladlığa götürülmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə övladlığa götürülən uşağın ailədəki ümumi vəziyyəti, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə DOST Agentliyi tərəfindən monitorinqlər aparılır. Monitorinq zamanı ailənin və uşağın vəziyyətinin yoxlanılması məqsədilə ailənin ümumi yaşayış şəraiti, ailənin maddi vəziyyəti, uşağın tibbi və psixi sağlamlıq vəziyyəti, övladlığa götürənlərin tibbi və psixi sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.
Hər monitorinqdən sonra sosial işçilər tərəfindən hazırlanmış hesabat altsistemə daxil edilir və gücləndirilmiş elektron imza ilə imzalanaraq təsdiq edilir. Övladlığa götürülən uşaqların monitorinqi ilə bağlı altsistemdə övladlığagötürülən uşaqların uçotu bölməsində bununla bağlı qeyd aparılır.
Prosesə start verildi: Övladlığa verilmə ilə bağlı müraciətlərin qəbuluna başlanıb
Ölkə xaricinə övladlığa verilmiş uşaqlara dair rüblük və illik hesabatlar Azərbaycanın həmin ölkədəki səfirliyi, səfirlik olmadıqda isə 29 may 1993-cü il tarixli "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının 9-cu maddəsinin (a) bəndinə uyğun olaraq həmin ölkənin müvafiq dövlət qurumu vasitəsilə Nazirliyə təqdim edilir. Övladlığa götürülən uşağın sosial adaptasiya vəziyyətini öyrənmək məqsədilə DOST Agentliyi tərəfindən uşağın yerləşdiyi uşaq bağçalarında və təhsil müəssisələrində də monitorinqlər aparıla bilər.