BAKI, 10 dekabr — Sputnik. Əməkdar artist, xanəndə Fərqanə Qasımova Parisdə qastroldadır. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi Fransa paytaxtının "Alliance Francaise" Teatrında çıxış edib.
Anşlaqla keçən konsertin ən yadda qalan məqamı F.Qasımovanın bir neçə il öncə yenidən səhnəyə qaytardığı “Nəva” muğamını ifa etməsi olub.
"Nəva”nı burada səsləndirdim və tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qanadım olmadı" – deyə, xanəndə təəssüratlarını bölüşüb.
Xatırladaq ki, "Nəva" Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmirdi. Xanəndə 2015-ci ildə sözügedən muğama müraciət edərkən onu yenidən həyat verib.
F.Qasımova 11 dekabr tarixində Brest şəhərində master-klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək. 12 dekabrda isə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək. Sənətçini Rauf İslamov, Zəki Vəliyev və Cavidan Nəbiyev müşayiət edirlər.