BAKI, 9 dekabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı araşdırmalara başlayıb.
Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam edir: "Artıq bununla bağlı olaraq tərəfimizdən araşdırmalara başlanılıb. Ümumiyyətlə, onu qeyd edim ki, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Valideynlik hüququ olan şəxslər bundan sui-istifadə etməməlidir".
E.Səfərov qeyd edir ki, belə şəxslər fiziki zorakılıq törədərək himayəsində olan uşağa məsuliyyətsiz yanaşdıqda məhkəmə qərarına əsasən hüquqlarını itirir. Hadisəni törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayan komitə rəsmisi sosial şəbəkələrdə yayılan fotolara da münasibət bildirib: "Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb".