BAKI, 7 dekabr — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiq edilən Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Təqvim Planına əsasən, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat 2020-ci il 17 yanvarda başlayacaq, 2020-ci il 8 fevral saat 8.00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.