Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 6 dekabr — Sputnik. TRACECA karvanı, bütün əks cəhdlərə baxmayaraq, irəli gedəcək.
Ermənistanın ərazilərin idarəolunması və infrastruktur nazirinin müavini Armen Simonyan çıxışında TRACECA-nın effektivliyinə şübhə edib və konfrans iştirakçılarının Fəxri Xiyabanı ziyarət etmək məcburiyyətində qalmalarına görə etiraz edib.
Ermənistan nümayəndə heyətinin Fəxri Xiyabanı ziyarətə dair iddialarını şərh edən Cabbarov qeyd edib ki, erməni tərəfinin reaksiyasını yaxşı anlayır. Çünki onlar Yerevandan Bakıya gəliblər və öz gözləri ilə Azərbaycan paytaxtını görürlər.
"Mən bilirəm ki, bu heç də asan deyil. Azərbaycan olaraq biz konstruktiv yanaşmaya üstünlük veririk. Ancaq bilirik ki, destruktivlik daha asandır, daha dağıdıcıdır və bu dağıdıcılıq siyasətinin nəticəsi, ilk növbədə, qonşu ölkədə müşahidə olunur. Hansı ki, böyük həcmdə layihələrdən təcrid olunub və özü-özünü nəqliyyat dalanına, iqtisadi dalana salıb və oradan çıxmaq da istəmir", - Azərbaycan İqtisadiyyat naziri bildirib.
Mikayıl Cabbarov vurğulayıb ki, TRACECA layihəsi həm də dahi Heydər Əliyevin aktiv fəaliyyəti nəticəsində reallaşıb: "Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb".
Nazir eyni zamanda erməni nümayəndə heyətinə Ermənistan paytaxtının mərkəzinə diqqət yetirməyə çağırıb: "Orada qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymusunuzmu?"
İqtisadiyyat naziri Mikayıl Cabbarov daha sonra Ermənistandan olan nümayəndə heyətinə Heydər Əliyev adına Mərkəzdə onların gəldiyi şəhəri tarixinə həsr olunan sərgini ziyarət etməyə dəvət edib: "O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyiniz çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa... O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək".