BAKI, 6 dekabr — Sputnik. Dekabrın 8-dən etibarən beynəlxalq, ölkədaxili sərnişin və elektrik qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC -nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, bununla əlaqədar sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik olunub:
"Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq, Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək. Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq, yeni hərəkət cədvəlində Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarının və ölkədaxili sürət və sərnişin qatarlarının hərəkət cədvəlləri dəyişdirilib. Maksimal hərəkət sürətlərinin artırılması səbəbindən Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddəti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddəti isə 50 dəqiqə azalıb.
Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23:15-də (20:40 əvəzində) yola düşəcək, 10:35-də (8:55 əvəzində) Tbilisiyə çatacaq. Tbilisidən saat 20:35-də yola düşən qatar isə saat 7:30-da (8:52 əvəzində) Bakıda olacaq. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə sərhəd-nəzarət məntəqəsində yoxlanılmanın erkən saatlarda aparılmaması da yeni hərəkət qrafikində nəzərə alınıb. Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni cədvəldə 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23:55-də (23-00 əvəzində) yola düşəcək. Saat 8:55-də (8-50 əvəzində) Böyük Kəsik stansiyasına çatacaq.Saat 21:40-da (20-20 əvəzində) Böyük Kəsik stansiyasından yola düşəcək qatar saat 6:25-də (6-30 əvəzində) Bakıda olacaq. Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək".