Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Sumqayıtda yeni istifadəyə verilmiş Muğam Mərkəzində ilk tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb və bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Şəhər rəhbəri son illər Sumqayıt şəhərində həyata keçirilmiş layihələrə nəzər salıb, gələcək prespektivlərdən danışıb.
Vurğulanıb ki, son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş şəhər sakinlərinə mükafatlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, Gülzar Fərəcova və başqaları muğamlar, xalq mahnıları və təsniflər səsləndiriblər.
Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bildirib ki, ilk dəfə bu zalda “Qarabağ” muğam qrupu ilə çıxış etdiyinə görə sevinir: “Əlbəttə Sumqayıtda Muğam Mərkəzinin açılışı çox sevindirici haldır. Bildiyimiz kimi, bu mərkəz ölkədə sayca beşincidir. Klassik formada tikilmiş bu bina digərlərindən böyüklüyünə, tutumuna görə də fərqlənir. Zalda 400 nəfərlik yer var. Eyni zamanda yerləşdiyi məkan da çox gözəldir. Bu cür bina təbii ki, Sumqayıt bulvarına yaraşıq verir. Burada ilk konsert verən şəxs olduğum üçün sevincliyəm. Düşünürəm ki, bu muğam mərkəzi sumqayıtlılara xidmət edəcək və burada möhtəşəm konsertlər keçiriləcək. Əvvəl Sumqayıta gələndə konsert verməyə yer tapmırdıq, indi isə seçim edirik. Bu cür gözəl binanı biz muğam sənətkarlarına bəxş etdiyi üçün əziyyəti olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, inşasına bu ilin mayında başlanılan Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.
Sumqayıt Bulvarında yerləşən Muğam Mərkəzi noyabrın 21-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.