BAKI, 5 dekabr — Sputnik. Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Nəticədə C.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Əldə olunan məlumatlara görə, O.Məmmədovun ölən atasına borclu olan Yüzbaşılı kənd sakini C.İsmayılovdan həmin borcu qaytarmasını tələb etməsi mübahisə ilə nəticələnib. Daha sonra isə C.İsmayılov odlu silahdan atəş açaraq, O.Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İddialara görə, C.İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.
Qeyd edək ki, faktla bağlı istintaq davam edir.