BAKI, 4 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusuna qarşı silahdan havaya xəbərdarlıq məqsədi ilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr "marixuana" narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.