BAKI, 2 dekabr - Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin iclasında gündəliyə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ daxil edilib.
Milli Məclisin spikeri Oqatay Əsədov iclası açıq elan edərək, ölkədə aparılan köklü islahatlardan danışıb: "Nazirlər Kabinetində və digər orqanlarda aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zəruriətini yaradır. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını təklif ediblər. Bu gün bu məsələni müzakirə edəcəyik".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.
Müraciətdə deyilir:
"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək.
Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir".
S.Novruzov digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib.
Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib.
Müzakirələrn gedi.ində hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.
Bunu spiker Oqtay Əsədov bildirib.
O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini sədr müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.