BAKI, 30 noyabr — Sputnik. Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, kino təmsilçilərinin və kinosevərlərin maraqla izlədiyi gecədə böyük aktyorun yaradıcılıq yoluna geniş nəzər salınıb.
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin aparıcılığı ilə reallaşan gecədə tamaşaçılar dünya şöhrətli aktyor haqqında maraqlı məlumatlar əldə edib, onun bəstələdiyi musiqiləri eşidiblər.
Ayaz Salayevin bələdçiliyi ilə Çarli Çaplin dünyasına səyahət edən kinosevərlər onu təkcə aktyor, unudulmaz obrazlara həyat verən usta oyunçu kimi yox, həm də böyük bir şəxsiyyət, musiqiçi, bəstəkar, elə ifaçı kimi də kəşf ediblər.
Qeyd olunub ki, hələ 5 yaşından ilk obrazını oynayan, uşaqlıq ağrılarını teatr səhnəsinə, kinoekrana, musiqiyə, ümumilikdə insan duyğularının bəşəri təsvir dilinə çevirən Çarli Çaplin həm də nadir sənət bilicisi idi.
Özünün bənzərsiz obrazı, aktyor ifa manerası və ən əsası tamaşaçı ilə sözsüz ünsiyyət dili olan aktyor milyonlarla tamaşaçının qəlbində hər zaman öz yerini qoruya bilib.
Vurğulanıb ki, əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazandı və təbii ki, bu uğurda bir cüt ayaqqabı, nimdaş şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığının birləşməsi bənzərsiz bir obraza çevrildi.
"Uşaq", "Qızıl hərisliyi", "Yeni zamanlar", "Böyük diktator", "Böyük şəhərin işıqları" filmləri ilə öz obrazının möhürünü vuran aktyor heç vaxt heç kimi təlqin etmədən öz aktyor ampluasını tərk etmədi. Aradan keçən uzun illər və obrazının təkrarlandığı minlərlə cəhd heç biri tamaşaçının yaddaşındakı Çaplini dəyişə bilmədi. Çaplini sənət möcüzəsi sayan A.Salayev onu hər anımızın ekran əksi adlandırıb.
Bildirib ki, o, sanki dünyadakı bütün insanların ekran təsviri, bütün bəşəriyyətə mərhəmət ismarıcıdır.
Sənət gecəsində kinosevərlər onun bəstələrindən ibarət konserti izləyiblər.
Az sayda adama bəlli olan bəstəkar Çarli Çaplinin musiqi istedadının məhsulu olan parçalar Xalq artistləri Samir Cəfərov, Cavan Zeynallı, müğənnilər Nərmin Kərimbəyova və Tünzalə Qəhrəmanın ifalarında alqışlarla qarşılanıb.
Əməkdar artist Bəhruz Vaqifoğlunun Elza Seyidcahanın məşhur "Mən aktyoram" mahnısına qurduğu səhnəcik göstərilib.