UEFA AVRO-2020 turnirinin keçirilməsinə hazırlıq bütün Avropada 12 ev sahibi şəhərin iştirakı ilə yerinə yetirildiyi üçün futbol üzrə Avropa Çempionatının əsas mərhələsi indiyə qədər tarixdə heç vaxt olmadığı qədər azarkeşi əhatə edəcək. Həmçinin, turnir zamanı bir sıra texnoloji və təcrübi yeniliklər də tətbiq olunacaq.
“AVRO-2020 üçün azarkeşlərə yönəlmiş yeni bir mühit yaradırıq”, - “UEFA Events SA” şirkətinin baş direktoru Martin Kallen deyib.
“Azarkeşlərin istəklərinə cavab verərək və rəqəmsal sənayenin ən son nailiyyətlərdən istifadə edərək hər bir azarkeşə fərdi xidmət təqdim edilməsi üzərində çalışırıq. Bu işə elektron bilet satış platformasının tətbiqi ilə başlamışıq. Elektron biletlə birlikdə azarkeşləri istər stadiona gələrkən, istər səyahəti və yerləşməni təşkil edərkən, istərsə də AVRO-nun təşkilatçı şəhərləri ilə tanışlığı planlaşdırarkən vaxtlarına qənaət etməyə imkan verəcək bir sıra əlavə xidmətlər də gözləyir”, - Kallen əlavə edib.
Eyni zamanda, UEFA oyunlardan sonra da azarkeşlər üçün maraqlı tədbirlərin təşkili işində ev sahibi şəhərlərlə əməkdaşlıq edir. Belə ki, ev sahibi şəhərlərin hər birinin görməli yerlərində hamı üçün maraqlı ola biləcək UEFA Festivalları keçiriləcək.
“UEFA festivalı AVRO-nun bütün qonaqlarını, onların ailələrini və yerli sakinləri müxtəlif əyləncələrlə təmin edəcək. İncəsənət, musiqi, mədəniyyət - hər bir şəhərin özünəməxsus bir koloriti olacaq. Avropa çempionatının 60-cı ildönümündə hər bir azarkeşin AVRO-ya əvvəlkindən də yaxın olmasını istəyirik. Stadiona bileti olmayanlar belə fan-zonalarının bayram atmosferini hiss edə biləcəklər. Burada turnirin oyunlarını xoş bir atmosferdə izləmək mümkün olacaq. Stadiona gedənləri isə yolun son kilometrində başlanğıc fitinə qədər onlara lazımı əhval-ruhiyyəni bəxş edən bir çox əyləncələr gözləyəcək”, - Kallen əlavə edib.
UEFA AVRO-2020-nin tətbiqi
UEFA tamaşaçılar üçün rəsmi proqram tətbiqindən ibarət aparıcı təkliflə, UEFA AVRO-2020 turnirində tamaşaçılarla əlaqənin qurulması üzrə ən müasir yanaşmanı tətbiq edir. Bilet sahibi olub-olmamalarından asılı olmayaraq, sadəcə ev sahibi şəhərlərdə UEFA Festival tədbirlərində iştirak etmək istədikləri halda AVRO-2020 proqram tətbiqi turnir səyahətlərində azarkeşlərin etibarlı dostu olacaq.
Azarkeşlər seçimlərindən, biletlərindən və dillərindən asılı olaraq, oyun günləri ərzində son yeniliklər və şəhərdə baş verən hadisələr haqqında məlumatları, eləcə də dinamik fərdi məlumatları əldə edə biləcəklər. Bura, həmçinin ətraflı tədbirlər qrafiki, “Football Village” (Futbol Kəndi) və “Fan Zone” (Azarkeş Zonası) əraziləri, interaktiv xəritələri əhatə etməklə, UEFA festivalının evi hesab olunur.
AVRO-2020 tətbiqi azarkeşlərin matç günlərində səyahətlərinin planlaşdırılması üçün ən asan yoldur. Məqsədli hazırlanmış səyahət planlayıcısı tamaşaçılara UEFA festival məkanları və stadion arasında UEFA-nın məsləhət gördüyü marşrutları tapmaqda, bütün əlavə xidmət avtobuslarını və həmçinin hərəkət üçün bağlı olan yolları və piyadalar üçün gediş yollarını görməkdə kömək edəcək.
Proqram tətbiqi, həmçinin bilet sahibləri üçün pulsuz səyahət kartını əldə etmək yollarını öyrənmək üçün bir vasitə olacaq.
Tamaşaçılar üçün əsas keyfiyyətlər:
- Azarkeşlərin hər hansı bir məlumatı qaçırmadıqlarından əmin olmaq üçün ən mühüm hadisələr və səyahət xəbərlərinin daxil olduğu gündəlik fərdi məxfi bildirişlər;
- Azarkeşlərin görüş məntəqələrini, əlavə nəqliyyat xidmətlərini və hərəkət üçün bağlı olan yolları göstərən interaktiv xəritə və səyahət planlayıcısı;
- Bilet sahibləri üçün pulsuz matç-günü səyahət kartı;
- UEFA Festivalının iştirakçısı olmaq: tədbirlər və məkanlar üzrə dəqiq qrafik – bir baxışla şəhərdə nə baş verdiyindən xəbərdar olmaq;
- 12 ev sahibi şəhərlərin hamısı üçün şəhər və stadion bələdçiləri;
- Eyni proqram tətbiqində matç nəticələri ilə birlikdə, turnir cədvəlləri və turnir haqqında hesabatlar.
Pulsuz matç-günü səyahət kartı
İndi UEFA AVRO-2020 turnirində matç günlərində tamaşaçılar üçün səyahətlər çox asan olub. Ev sahibi şəhərlərlə birlikdə, bütün AVRO-2020 bilet sahiblərinə öz komandalarının oyun günlərində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilmələri üçün səyahət kartı təqdim edirik.
Mobil bilet sahibləri AVRO-2020 tətbiqindəki səyahət kartına daxil olacaqlar. Bunun üçün sadəcə UEFA hesabına (oyun biletlərini almaq üçün istifadə edilən hesab) daxil olmaq və matç günü səyahət kartını aktivləşdirmək lazımdır. Bundan sonra o, avtomatik olaraq AVRO-2020 tətbiqinin ana səhifəsində görünəcəkdir. Kağız biletə sahib azarkeşlər də AVRO-2020 tətbiqindən istifadə edərək pulsuz matç-günü səyahət kartlarından yararlana biləcəklər.
Qeyd edək ki, səyahət kartı hər bir şəhərdə bir qədər fərqli şəkildə işləyəcək. Bəziləri bütün ictimai şəbəkəni əhatə edəcək, bəziləri ilə isə yalnız müəyyən marşrutlarla səyahət etmək mümkün olacaq. Azarkeşlər tətbiqdə hansı xətlərin, ərazilərin və xidmətlərin etibarlı olduğunu dəqiq görəcəklər.
Futbol Kəndi və Azarkeş Zonası
AVRO-2020 zamanı digər ev sahibi şəhərlərdə olduğu kimi, Bakıda da “Football Village” (Futbol Kəndi) və “Fan Zone” (Azarkeş Zonası) fəaliyyət göstərəcək. Onların hər ikisi paytaxtın mərkəzində Ağ şəhər bulvarında yerləşəcək.
Azarkeş Zonasında oyunları izləmək üçün böyük monitorlar quraşdırılacaq, yerli və xarici ifaçıların iştirakı ilə canlı konsertlər, musiqi və rəqs şouları keçiriləcək, eləcə də açıq havada kinoteatr olacaq.
Futbol Kəndi isə 68.000 kvadrat metr ərazi əhatə edəcək – 8 futbol meydançasına bərabər bir ölçü! Burada oyunlardan öncə istirahət üçün imkanlar olacaq, müxtəlif sərgilər keçiriləcək və, əlbəttə ki, möhtəşəm Azərbaycan təamları təklif ediləcək.
60 illiyini qeyd edən futbol üzrə Avropa çempionatı
AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində, Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində, Londonun “Uembli” stadionunda keçiriləcək final oyunu ilə başa çatacaq.
Oyunlara ev sahibliyi edəcək şəhərlər: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq. Azərbaycan paytaxtında, Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.
UEFA AVRO-2020 rəsmi qonaqpərvərlik satış paketləri haqqında məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz. Bilet satışı üzrə ətraflı broşüru buradan, turnirin rəsmi tətbiqini isə buradan yükləmək mümkündür.