BAKI, 29 noyabr — Sputnik. "Turizm haqqında qanunun həyata keçirilməsi ilə bağlı kifayət qədər araşdırmalar aparılıb və yekun sənədlər müvafiq dövlət qurumları ilə müzakirəyə çıxarılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, turizm reyestrinin aparılması və onunla paralel olaraq Dövlət Turizm Agentliyi tərəfindən göstəriləcək elektron xidmətlərin qaydaları son müzakirələr üçün dövlət qurumlarına təqdim edilib. "Hesab edirəm ki, ən yaxın gələcəkdə sənədlər qəbul olunacaq. Yalnız bunlar deyil, eyni zamanda vergi islahatları ilə bağlı turizm sənayesinin üzvlərinə vergi güzəştlərinin tətbiqinə dair müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb. Növbəti ildən etibarən turizm sənayesinin üzvləri bunu fəaliyyətlərində hiss edəcəklər", - deyə K.Qasımov qeyd edib.