İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 noyabr — Sputnik. Sumqayıt, Xırdalan və Masasır sakinlərinin uzun illərdir həll edilməyən yol probleminə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə nəhayət əncam çəkiləcək. Przident, Sumqayıt yolunun genişləndirilməsi, Bakıətrafı qəsəbələrin yollarının abadlaşdırılması barədə müvafiq dövlət qurumlarına tapşırıq verib.
"Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın", - deyə İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıq verib.
Prezidentin tapşırığından sonra artıq Bakıətrafı qəsəbələrdə, o cümlədən, Sumqayıt yolunda ilkin işlərə başlanılıb.
Sputnik Azərbaycan-a xəbər verir ki, hazırda Sumqayıt yolunda tıxaclara əsas səbəb olan körpülərin ətrafı sökülür və yolun genişləndirilməsi üçün hazırlıq işləri görülür. Görülən işlərin nə qədər tıxacı aradan qaldıracağı isə bu yolun genişləndirilməsi ilə bağlı layihə hazır olandan sonra bəlli olacaq.
Azərbaycan Avtomobl Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ərazidə hazılıq işləri aparılır. Yolun necə genişləndirilməsi, hansı işlərin görülməsi isə, layihə hazır olandan sonra məlum olacaq. Hələlik layihə hazırlanma mərhələsindədir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a deyib ki, Bakı-Sumqayıt yolunun infrastrukturunun təməli yaxşı qoyulmayıb: "İllərdir bu ərazilərdə yaşayan insanlar yolların sıxlığına görə əziyyət çəkirlər. Məndə olan məlumata görə, "Ekologiya postu" adlanan polis postu oradan köçürüləcək. Bakı-Sumqayıt yolunda mövcud şərait əvvəl gündən yaxşı olmayıb. Bu gün həmin problemin həll edilməsi üçün atılan addımlar cüzi nəticəyə gətirib çıxaracaq".
Muradlı qeyd edib ki, yolda tıxacın aradan qaldırılması üçün "Xırdalan" dairəsi adlanan dairə oradan götürülməlidir. Həmin ərazidə asma körpü modeli yaratmaq mümkündür.
"Eyni proses Şamaxinka adlanan ərazidə də aparılmalıdır. Çünki eyni problem bu ərazidə də səhər-axşam yaşanır", - deyə ekspert bildirib.
Onun sözlərinə görə Bakı-Sumqayıt yolunda görülən işlər gələcəyə hesablanmalıdır ki, 20-30 il keçsə də, belə problem bir də yaşanmasın.