BAKI, 29 noyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 2-4 dekabr tarixlərində NATO sammitində iştirak etmək üçün Böyük Britaniyaya səfər edəcək. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Donald Tramp bu il ikinci dəfə Kraliça II Elizabetlə görüşəcək.
Bukinqem sarayının yaydığı məlumatda bildirilir ki, York Şahzadəsi Endryu Trampın və digər NATO ölkələrinin liderlərinin səfəri zamanı görüşlərdə iştirak etməyəcək. Şahzadə Harri və onun xanımı Meqan Markl, həmçinin şahzadə Uilyam da görüşlərdə iştirak etməyəcək.
Qeyd edək ki, Endryu ABŞ Prezideti Donald Trampın Böyük Britaniyaya ilk səfəri zamanı görüşlərdə iştirak edib.
Xatırladaq ki, bu həftə ABŞ-ın Araşdırmalar üzrə Federal Bürosu hazırda Böyük Britaniyanın kral ailəsinin üzvü, şahzadə Endryunun dindirilməsi ilə bağlı Ədliyyə Nazirliyi ilə danışıqlar aparır. Büro Şahzadə Endryunu seksual istismar məqsədilə insan ticarətində ittiham olunan Ceffri Epşteynlə dostluğuna görə dindirmək istəyir. Qeyd edək ki, sonuncu özünü həbsxana kamerasında asıb.
Qeyd edək ki, ötən həftənin sonu şahzadə Endryu "BBC" telekanalına verdiyi müsahibəyə görə monarx səlahiyyətlərindən məhrum olub. Bu müsahibə zamanı şahzadə pedofillə əlaqələrinə haqq qazandırmağa çalışıb. O, qeyd edib ki, bu şəxslə dostluq ona xeyir də verib.
Lakin müsahibə əks effekt verib: York hersoqu kral ailəsini rəsmi olaraq təmsil etmək hüququndan məhrum olub, böyük korporasiyalar və universitetlər onunla əlaqələrini kəsdiklərini bildiriblər.
Qeyd edək ki, gələn həftə "BBC" telekanalı 17 yaşında Şahzadə Endryu tərəfindən üç dəfə seksual zorakılığa məruz qaldığını iddia edən Virciniya Roberts Cuffrenin müsahibəsini yayımlayacaq.