Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 noyabr - Sputnik. “Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirirəm”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Slovakiyanın xarici işlər naziri Miroslav Layçak jurnalistlərə açıqlamasında bildirib.
"Slovakiya bu il ATƏT-ə sədrlik edir və mən Qarabağ münaqişəsinə dair prosesləri yaxından izləyirəm. Jurnalistlərin səfəri müsbət addımdır və bu tərəflər arasında etimad mühitini yaxşılaşdırır, gərginliyi azaldır. İnanıram ki, bu cür addımlar münaqişənin siyasi yolla həllinə də öz töhfəsini verəcək. Ümid edirəm ki, Slovakiyanın ATƏT-də sədrliyi həll yolunun tapılmasına yardım edəcək", - deyə XİN rəhbəri bildirib.
Nazir, həmçinin qeyd edib ki, Slovakiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli əlaqələr üçün olduqca əlamətdardır: "Biz hələ xeyli müddət əvvəl Azərbaycanın potensialını öyrənmişik və buna görə də qərar verdik ki, biz bu ölkədə olaq. Ümid edirəm ki, səfirliyin açılmasından sonra qarşılıqlı əlaqələrimiz daha yüksək səviyyəyə qalxacaq, biz əməkdaşlıq edəcəyimiz sahələri müəyyənləşdirəcəyik. Bu sahələrə infrastruktur layihələri, dəmiryolları, farmakologiya, kənd təsərrüfatı, İT, turizm və s. aiddir. Həmçinin əminəm ki, səfirliyin açılması xalqlarımız arasında əlaqələri artıracaq".