Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 noyabr – Sputnik. “Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır. Əli Əhmədovun sözlərinə görə, 2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib.
Onun fikrincə, cəmiyyət ölkə başçısının həyata keçirdiyi islahatları müsbət qarşılayıb.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib. Onun sözlərinə görə, YAP üzvləri belə qərara gəliblər ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın: “YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP-ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.