BAKI, 28 noyabr — Sputnik. Realist Azərbaycan trillerində çəkilən Aysel Yusibova gözlənilmədən Hollivud filmində oynamaq barədə təklif alıb. Ona ümumdünya şöhrətli isveçli aktrisa, "Oskar" mükafatının sahibi Alisiya Vikanderin bacısı roluna çəkilmək təklif edilib.
Bu barədə Sputnik Azərbaycan-a Zaqatala Xalq Teatrının aktrisası Aysel Yusibova özü məlumat verib.
Yusibovanın istedadını azərbaycanlı rejissor və ssenarist Rəvan Cabbarov onu "Aporia: Kiyamet deneyi" filminə çəkməklə üzə çıxarıb.
Film triller janrında çəkilib və bu janrda Azərbaycanın ən realist filmi sayılır. Onun müxtəlif ölkələrdə təqdimatı keçirilib. Bakı tamaşaçılarına isə film bu günlərdə təqdim olunub və böyük uğur qazanıb.
Yusibova filmdə baş rolu oynayıb və onun oyunu dərhal xarici rejissorların diqqətini cəlb edib. Aktrisa üçünsə bütün bunlar, özünün dediyi kimi, gözlənilməz olub.
"Əməkdaşlıq təkliflərinin bu qədər çox olacağını gözləmirdim. Mənə deyiləndə ki, Amerikanın BDAmerika kino şirkəti məni Hollivud filminə çəkməyi təklif edib, bu, mənim üçün sürpriz oldu. Hər bir aktyorun belə bir arzusu var. Hətta nə deyəcəyimi bilmirəm. Hazırda mən təklifləri dəyərləndirirəm. Hələlik dəqiq cavab verməmişəm. Heç ssenarini görməmişəm və bu filmin nə barədə olduğunu belə bilmirəm", - deyə Yusibova bildirib.
Təkcə o məlumdur ki, məşhur isveçli aktrisa Alisiya Vikanderlə zahiri oxşarlığı səbəbindən Yusibovanı filmdə onun əkiz bacısı roluna çəkmək istəyirlər. Aktrisa hələlik kino şirkətinə yekun cavabı verməyib, amma təklifi dəyərləndirmək niyyətindədir, çünki heç də hər aktrisanın üzünə şans belə gülümsəmir.
Xarici təkliflərlə yanaşı aktrisaya bir sıra Azərbaycan filmlərində də çəkilmək təklif edilib. Yusibova onlara da hələlik cavab verməyib.
Alisiya Vikander isveçli aktrisa, rəqqasə və prodüserdir. O, "Danimarkalı qız" bioqrafik dramındakı ikinci planda ən yaxşı qadın roluna (rəssam Gerda Vegener) görə "Oskar"a və ABŞ kino aktyorları Gildiyasının mükafatına layiq görülüb.
Vikander həmçinin "Gələcəyin xatirələri", "Lalə sevdası", "Anna Karenina", "Eyforiya", "Okeandakı işıq" və digər filmlərə çəkilib. Hazırda aktrisa "Tomb Raider: Lara Kroft" filminə çəkilir.