BAKI, 27 noyabr — Sputnik. Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilir. Sputnik Azərbaycan "İRNA"-ya istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.
Məlumata əsasən qərar dekabrın 1-dən qüvvəyə minir və İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.
Qeyd olunur ki, Azərbaycan Respublikasının digər ərazilərinə səfər etmək istəyən İran vətəndaşları viza almalıdırlar. Vizanın qiyməti 20 dollardır. Azərbaycanın digər ərazilərinə səfər etmək üçün tələb olunan viza Naxçıvan Hava Limanından da alına bilər.