BAKI, 27 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 21-də Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qız bu gün saat 14:50-də evə yazılıblar.
Qeyd edək ki, noyabrın 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri (Fizika fakültəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətova) ölüb. Digər 2 tələbə - Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.