BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva özünün yeni "Sevməli" klipini ictimaiyyətə təqdim edib. Sputnik Azərbaycanın məlumatına görə, klipdə müğənninin sevgilisi rolunda ukraynalı model Konstantin Çumak çəkilib.
Kompozisiyanın musiqisini Ağayeva özü yazıb, sözləri isə onun uzun illərdir əməkdaşlıq etdiyi Cavid Şahbazbəyova məxsusdur. Kompozisiyada həmçinin Əliağa Vahidin qəzəlindən də istifadə edilib.
Klipin çəkilişləri Ukraynada aparılıb, onun rejissoru Əli Fərhaddır.
Baş rolda müxtəlif ölkələrdə keçirilən moda nümayişlərində və məşhur brendlərin reklam çarxlarında iştirak edən ukraynalı model Konstantin Çumak çəkilib.
Tünzalə Ağayeva 2001-ci ildə gənc ifaçıların "Bakı payızı" müsabiqəsinin qalibi olub. 2002-ci ildə isə "Türksoy" Beynəlxalq müsabiqəsinin laureatı adını qazanıb. 2003-cü ildə müğənni "Yalta-2003" Beynəlxalq müasir estrada mahnıları müsabiqəsinin Qran-prisini alıb.
O, bir sıra beynəlxalq musiqi festivallarında, o cümlədən 2006 və 2007-ci illərdə Çexiyada keçirilən "Barevna Planet" Beynəlxalq müasir musiqi festivalında iştirak edib. 2019-cu ildə ona "Xalq artisti" fəxri adı verilib.