Noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.
Anım mərasimində iştirak etmiş Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Sputnik Azərbaycana deyib ki, məşhur 223-cü atıcı diviziya azərbaycanlıları Böyük Vətən müharibəsində təmsil edən 5 əsas diviziyadan biri olubdur:
“Bu diviziya Mazdokdan Berlinə qədər döyüş yolu keçibdir. Biz də Mazdokda azərbaycanlılardan təşkil edilmiş 223-cü divizyanın qəhrəman döyüşçüləri üçün qoyulmuş ayrıca güşənin açılışında iştirak etdik. Mərasimdə 223-cü atıcı divizyanın Böyük Vətən müharibəsindəki qəhrəmanlıqları ilə bağlı çıxışlarımız oldu”.
Əli Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz