Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi gözlənilir.
Dünyanın bir çox ölkələrində müraciətə diferensial yanaşma mövcuddur. Hətta yaxın qonşular belə, xeyli müddətdir bu sistemə keçiblər.
Azərbaycandakı məhkəməyə müraciət sistemində isə çox ciddi uyğunsuzluq yaşanır. Belə ki, məhkəməyə müraciət edən iddiaçılar (iddiaçının fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq) eyni rüsum ödəyirlər. Bu zaman məhkəmə predmetinin məbləği də nəzərə alınmır. Lakin tezliklə bu uyğunsuzluq aradan qaldırılmalıdır.
Hüquqşünaslar məhkəmə iddiaları üzrə rüsumların dəyişməsi məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.
Hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu gün məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun məbləği işlərdən asılı olaraq 10-40 manat arasındadır: "İddia qiyməti 500 manatadək olduqda dövlət rüsumu 20 manatdır, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manatdır. Amma indi məhkəmə iddiaları üzrə rüsumların dəyişməsinə ehtiyac var. Hazırda məhkəmələrdə iş yükü çoxdur və bunun müxtəlif səbəbləri var. Bu səbəblərdən biri əsassız iddiaların qaldırılmasıdır. Digər səbəblərdən biri isə qaldırılan iddiaların müəyyən hissəsinin əsassız olmasıdır. Əsassız iddia qaldırılanda iddiaçının ödədiyi rüsum ona geri qaytarılmır. Amma iddia təmin olunanda rüsum qarşı tərəfdən tutulur və iddiaçıya qaytarılır. Bu zaman əsassız yerə məhkəmənin işləri artır, məhkəmə bunu müəyyən etmək üçün ekspertiza təyin edir və işə baxılması uzanır".
O bildirib ki, amma hazırda iddiaların qiymətinə uyğun olaraq rüsumların diferensial olması nəzərdə tutulur: "Rüsumların artırılmasına ehtiyac var. Bu, iddiaçıda məsuliyyət yaratmaq üçündür, yəni insanlar əsassız iddia qaldırmaqdan çəkinsinlər. Bu zaman iddiaçı real tələblə bağlı iddia qaldırmaqda maraqlı olacaq ki, artıq rüsum ödəməsin və pulu batmasın. Bu hüquqi tənzimləmə ilə əsassız iddiaların qarşısını almaq məqsədi düşünülür. Bu addımın mənfi tərəfi də ola bilər. Məsələn, şəxs 50 min manatlıq əsaslı iddia qaldırmaq istəsə, bu zaman rüsum ödəmək üçün pul tapmaya bilər. Rüsumlar iqtisadi durum nəzərə alınmaqla artırılmalıdır".
"Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Həmin sənəddə məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi məsələsi öz əksini tapıb" – deyə o əlavə edib.
Hüquqşünas Azər Nağıyev də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda mövcud "Dövlət rüsumu haqqında" qanunda bu məsələlər tənzimlənir: "Məsələn, Gürcüstanda da bu məsələlər "Dövlət rüsumu haqqında" qanunla tənzimlənir, Rusiyada isə Vergi Məcəlləsi ilə tənzimlənir. Artıq Rusiya və Gürcüstanda qanunlara dəyişiklik edilərək iddianın məbləğindən asılı olaraq rüsumun dərəcələri müəyyən edilib. Amma bizdə isə bu proses getməyib və rüsumlar eyni dərəcədə qalıb".
O bildirib ki, məhkəmə iddiaları üzrə rüsumların fərqli olması vacibdir: "Məsələn, Rusiyada fiziki şəxs özünü müflis elan etmək istəyirsə, məhkəməyə müraciət etmək üçün təxminən 8 manat pul ödəməlidir. Hüquqi şəxs özünü müflis elan etmək istəyirsə, məhkəməyə müraciət üçün təxminən 150 manat civarında pul ödəməlidir. Amma bizdə bu istiqamətdə hüquqi və fiziki şəxslər arasında fərq qoyulmayıb. Digər bir misal olaraq bizdə nikahın pozulması zamanı əmlak mübahisəsi varsa, ödənilən rüsum 40 manatdır. Amma hüquqi şəxslər arasında qiyməti milyonlarla ölçülən mübahisələr gedirsə, 30 manat civarında rüsum ödənilir. Bizdə 10 manatlıq iddia ilə 5 milyon manatlıq iddia üzrə rüsum fərqi yoxdur. Burada fərq olmalı, iddianın məbləğindən asılı olaraq rüsumun dərəcələri müəyyən edilməlidir. Bu, daha ədalətli olar. Digər ölkələrdə bu təcrübə var".
Prezident məhkəmə hakimləri barədə sərəncam verdi>>
Hüquqşünas qeyd edib ki, məhkəmə iddiaları üzrə 10 manatdan başlayaraq 2 min manatadək rüsumlar nəzərdə tutmaq olar: "Mövcud "Dövlət rüsumu haqqında" qanunun 9-cu maddəsində rüsumdan azadolma məsələləri də öz əksini tapıb. Məsələn, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə, aliment alınması barədə iddialar üzrə, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar".
Qeyd edək ki, noyabrın 6-da Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli bildirib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-ci il tarixli fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələ eyni zərfdə Milli Məclisə daxil olub. Bu dəyişikliklər ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır.
İclasda 11 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.