BAKI, 24 noyabr — Sputnik. Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bir həftə davam edən əməliyyat bu gün başa çatıb. Bu barədə hüquq-mühafizə orqanlardan məlumat verilib.
Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib.
Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.