BAKI, 23 noyabr — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit raket sistemlərini heç bir şəkildə NATO sistemləri ilə inteqrasiya etməyəcəyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Əl Cəzirə" telekanalında yayımlanan "Talk to Al Jazeera" proqramına müsahibəsində Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.
"Bunu lap əvvəldən deyirik. Rusiya istehsalı olan "S-400" zenit raket sistemlərini heç bir şəkildə NATO sistemləri ilə inteqrasiya etməyəcəyik. Müstəqil olaraq işləyəcək", - deyə Akar vurğulayıb.
Hulusi Akar qeyd edib ki, Türkiyə vaxtında ABŞ-dan "Patriot" sistemlərini almaq istəyib: "Vaxtında "S-400"ün yerinə "Patriot" almaq istədik, lakin bu mümkün olmadı. Mümkün olmayınca "S-400"ü aldıq. "F-35" qırıcılarına da bizim Silahlı Qüvvələrimizdə ehtiyac var. "F-35"lər ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün olduqca önəmli bir vasitə, silahdır. "F-35"ləri almaq mümkün olmasa, təbii olaraq biz başqa axtarışlara başlayacağıq. Bunu hər kəs bilməlidir".