İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 23 noyabr — Sputnik. Son zamanlar ölkədə qida zəhərlənmələrinin sayı artıb. Yay-payız aylarında daha çox toyxanalarda, şadlıq evlərində, yaxud qarpızdan zəhərlənmələr çox olurdusa, iki gün öncə BDU-nun yataqxanasında üç qız qidadan ağır zəhərlənib, biri dünyasını dəyişib, digər iki nəfərin isə vəziyyəti ağır olaraq qalır. İlkin ehtimallar arasında suşidən zəhərlənmə əsas yer tutur.
Buna baxmayaraq, şəhərdə kiçik qutabxanalar, dönərxanalar, kafelər fəaliyyət göstərir. Və burada istehlakçıya təqdim edilən qidaların hansı keyfiyyətdə məhsuldan hazırlandığı sual altındadır.
Azərbaycanda qidaların təhlükəziliyi necə təmin edilir? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.
"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda qidaların təhlükəsizliyi kifayət qədər təmin edilmir. Bu, illər boyu belə olub: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da zəhərlənmələr var. Amma hər zaman Azərbaycanda zəhərlənmələrin miqdarı aşağı göstərilib. Çünki qidalara sertifikat verməyi də, insanların sağlamlığının keşiyində durmağı da eyni orqan həyata keçirib. Buna görə də zəhərlənmələr gizlədilib".
E.Hüseynov əlavə edib ki, 22 ildir ki, istehlakçı hüquqlarını müdafiə etməsinə baxmayaraq, bir dəfə də olsun, hansısa həkimin sənaye üsulu ilə zəhərlənməni fiksə etdiyinə şahid olmayıb.
"Bütün hallarda istehlakçı günahkar olub, özü saxladığı qidadan zəhərlənib. Sənaye üsulundan zəhərlənsə də, heç vaxt qeydə alınmayıb. Çünki sənaye üsulu ilə zəhərlənmə qeydə alsalar, gətirib qoyacaqlar həmin qidaya verilən sertifikatı qarşılarına ki, buyur, bunu sən vermisən", - deyə o bildiirb.
E.Hüseynovun sözlərinə görə, bu problem AQTA-da da var. AQTA həm sertifikat verir, həm də zəhərlənmələrə nəzarət edir: "Özü sertifikat verdiyi qidadan zəhərlənmə olarsa, buna kim cavab verəcək? Buna görə də maraqların toqquşması var. Buna görə də sertifikat verən orqan AQTA-dan ayrılmalıdır. Bu davam etdiyi müddətdə zəhərlənmələr də davam edəcək. Mənə sağlam bir adam sual versə ki, "mən nədən zəhərlənə bilərəm", mən ona birmənalı şəkildə deyərəm ki, nədən zəhərlənirsən-zəhərlən, qeydiyyatda özün hazırladığın qidadan zəhərləndiyin yazılacaq".
Ekspertin fikrincə, qidanın təhlükəsizliyinin necə təmin edildiyi bizim apteklərdə və xəstəxanalarda olan növbələrdən görünür.
"Bakıda təkcə 50 min kafe-restoran fəaliyyət göstərir. Onlara necə nəzarət edilir? Buna görə hansısa mexanizm yoxdur. Baxarsınız, bir müddət sonra məlum olacaq ki, bu qızlar suşidən yox, hansısa özlərinin hazırladıqları bir qidadan zəhərləniblər. Bunun qarşısını almaq üçün istehlaçkı hüquqları mükəmməl şəkildə qorunmalı, sertifikat verən orqanla insanların sağlamlığına nəzarət edən orqan ayrı olmalıdır", - Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, hər bir istehlakçı bilməlidir ki, balıq, göbələk, balıq konservləri, suşilər zəhərlənmə riski böyük olan qidalardır. Bunlarla çox ehtiyatlı davranmaq lazımdır: "Suşi fırlanan lent üzərindədir. Bu qida "rus ruletkası" kimi bir şeydir. Kimə düşəcək, kimi zəhərləyəcək - məlum deyil. Suşi yaxşı qida deyil. Son 15 ildə Azərbaycana gətirilib. Bunun xammalı, hansı balıqdan hazırlandığı, balığın nə zaman tutulduğu çox əsasdır. Bu, böyük riskli qidadır. Əhali özü buna tələbat yaradır. Suşi Azərbaycan üçün xarakterik qida deyil".
Məsələ ilə bağlı AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni, ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini həyata keçirir.
Bildirilib ki, ölkəyə idxal edilən və ölkədə istehsal olunan qida məhsullarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda qida məhsullarının ticarət dövriyyəsinə icazə verilir.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mütəmadi tədbirləri davam etdirir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən dünyada aparılan elmi araşdırmalara istinad edilərək, normativ-texniki sənədlər hazırlanır", - deyə bildirilib.
Qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qida zəhərlənməsi ilə ən çox uşaqlar, qadınlar, əsasən də hamilələr qarşılaşırlar. Çünki onların immunitet sistemi zəif olur.
"Qida zəhərlənmələri müxtəlif formalarda olur. Ən ağırı botulizmdir. Botulizm çətin sağalan, çox zaman ölümlə nəticələnən zəhərlənmədir. Botulizm zamanı xlostridium botulinum adlı bakteriyanın ifraz etdiyi botulin adlı zəhər orqanizmdə ciddi reaksiya yaradır. Bu zəhərlənmənin ölüm nisbəti çox yüksəkdir. Qeyd edim ki, xlostridium botulinum bakteriyası havasız mühitdə meydana gəlir", - deyə o bildirib.
Onun sözlərinə görə, bu bakteriyalara əsasən torpaqda, bəzi heyvanların nəcislərində, meyvələrin və bitkilərin çirkli səthində rast gəlinir. Bakteriyanın meydana gətirdiyi zəhər ən dəhşətli zəhərdir. Zəhər zülal quruluşundadır və qidalarda əmələ gələn bakteriyalar tərəfindən hazırlanır. Beləcə, bu qidaları yeyən şəxslər zəhəri də yemiş olurlar. Zəhər orqanizmdə əzələlərin sıxılmasını təmin edən "asetil qol"un yaranmasının qarşısını alır. Buna görə də bədəndə əzələlər sıxılmır və insanda iflic meydana gəlir. Xüsusilə tənəffüs əzələlərində inkişaf edən iflic xəstənin tənəffüs funksiyasına maneə törədərək onu öldürür.
Botulizmdən ölümlərin böyük bir hissəsi zəhərlənmənin 2-9-cu günlərində baş verir. "Botulizm əlamətləri zəhərlənmədən 12-36 saat, bəzən isə 14 gün sonra da ortaya çıxa bilər. Zəhərlənmə zamanı xəstədə yorğunluq, halsızlıq, baş ağrısı kimi çox məna verən əlamətlər müşahidə edilir. Daha sonra baş sinirlərində iflic başlayar. Bu zaman cüt görmə, göz qapaqlarının düşməsi, çəplik, göz bəbəklərinin genişlənməsi, üz iflici, udma və dişləmə çətinliyi, dil hərkətində pozuntular, danışma pozuntuları, səs çıxara bilməmə müşahidə edilə bilər.
Botulizmdən ölüm nisbəti 25-60 faiz qədərdir. Xəstə ilk iki həftə təhlükəsini sovuşdura bilirsə, 2 həftə sonra yaxşılaşma başlayır. 6 həftəyə isə botulizmin bütün əlamətləri keçir. Botulizmdən şübhələndiyiniz zaman xəstənin mədə- bağırsağını yumaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.