BAKI, 22 noyabr — Sputnik. Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib.
Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Prezident İlham Əliyev Milli Məclisə göndərdiyi sənəddə bu vəzifəyə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova deyib ki, Prezident İlham Əliyev 3 nəfərə böyük etimad göstərib: “Hesab edirəm ki, Ombudsman seçiləcək şəxs Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə praktik olaraq öz müsbət töhfəsini verəcək, cənab Prezidentin etimadını doğruldacaq”.
Məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.