BAKI, 22 noyabr — Sputnik. "Notariuslar tərəfindən 2019-cu ilin 9 ayı ərzində aparılan əməliyyatların sayı 30% artaraq 3,9 milyona çatıb, bunun da 97%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutu tərəfindən həyata keçirilib".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.
O bildirib ki, həmçinin, qeydiyyat orqanlarında 226500-dən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 107 mini, nikahın sayı isə 47 mini ötüb: "Ölkə başçısının təşəbbüsü ilə yaradılaraq dünyada Azərbaycan brendi kimi məşhurlaşan və bu günədək 34 milyona yaxın müraciətlə bağlı insanların faydalandığı ASAN xidmət mərkəzlərində bu ilin 9 ayında verilən 3,2 milyona yaxın sənədlərin 45%-i məhz həmin mərkəzlərdə fəaliyyət göstərən notariat və qeydiyyat orqanlarının payına düşüb.
Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq nazirlik tərəfindən 9 ayda 145 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4500-ə, mətbu nəşrlərin sayı isə 5300-ə çatıb".