Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Bu gün onun övladı kimilər 5, 10, 15, yaxud da elə həmsöhbətimizin dediyi kimi, 25 yaşını qeyd edə bilərdi. Sputnik Azərbaycan-ın həmsöhbəti olan Fəridə Süleymanova 1 saylı Uşaq və Gənclərin İnkişaf Mərkəzində yol hərəkəti qaydalarını tədris edir. 25 il öncəyədək yalnız riyaziyyat və informatika fənlərini tədris edən F.Süleymanova qəzada yeganə övladını itirdikdən sonra digər valideynlərin də bənzər acını dadmaması üçün yol-nəqliyyat hərəkət qaydalarını tədris edir.
Onunla söhbətə qırıq notlarla başlayırıq. Bir az sükut, bir az xatirə, bir az göz yaşı, qəhər, səs tutulması... Və o danışır: "Nərgiz yeganə övladım idi, 11 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişdi. Həmin avtomobil mənim həyatımı da qəzaya uğratdı. O hadisədən sonra ana olmaqdan qorxdum, yenidən ana olmadım. Çünki beynimdə belə bir düşüncə var ki, ana olaramsa, yenidən belə acı, itkini yaşayaram. Çox qorxmuşdum, 2 il ərzində ümumiyyətlə özümə gələ bilmədim. Sonradan küçəyə çıxanda isə elə bilirdim ki, bütün avtomobillər mənim üstümə gəlir. Böyük psixoloji travma yaşamışdım".
"Belə qəzaların baş verməməsi üçün gərək ki, sürücülər sükanı yorğun halda idarə etməsinlər. Bizdə yorğun ikən sükan arxasında əyləşən sürücünün qurbanı olduq. Sən demə həmin şəxs gecələr rayondan Bakıya yük daşıyır, səhər isə bir başqa işdə işləyirmiş. Gecəni yatmayan sürücü səhər işə vaxtında çatmaq üçün sükanı yüksək sürətlə idarə edirdi. Nəticədə isə bu qəza övladımı məndən aldı. Mənim isə ona ödəyə bilmədiyim borcum qaldı. Ona görə də hazırda burada həmin yaşda olan şagirdlərə yol-hərəkəti qaydalarını öyrədirəm. Başqa valideynlərin bu acını yaşamaması üçün şagirdlərin verdiyi hər sualı cavablandırıram", - deyə həmsöhbətimiz əlavə edir.
2019-cu ilin 9 ayı ərzində ölkəmizdə 1274 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 557 nəfər dünyasını dəyişib, 1178 nəfər xəsarət alıb. Dünyasını dəyişənlərdən 41-i, xəsarət alanlardan isə 118-i uşaq və yeniyetmə olub. Qeyd olunan dövrdə 535 piyadavurma hadisəsi qeydə alınıb, nəticədə 228 piyada dünyasını dəyişib, 335-i isə xəsarət alıb. Bu barədə isə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Həmsöhbətimiz deyir ki, qızının ölümündən bir müddət sonra qəzetlərin birində Bakı şəhərində ilin müəyyən dövründə baş verən yol qəzaları haqda məlumat oxuyur. Məlumatda isə həmin dövrdə 25 məktəblinin dünyasını dəyişməsi qeyd olunur: "25 nəfər bir sinfin şagirdlərinin sayına bərabər bir rəqəmdir. Oxuduğum bu məlumat, yəni təkcə Bakı şəhərində bu qədər məktəblinin dünyasını dəyişməsi ilə bağlı statistik rəqəm məni dəhşətə gətirdi. Ona görə də şagirdlərin maarifləndirilməsi üçün belə bir addım atmağı qərara aldım".
F.Süleymanova deyir ki, digər fənlərdə yol verilən nöqsanları aradan qaldırmaq mümkün olsa da, yol hərəkətində buraxılan hansısa nöqsanı aradan qaldırmaq mümkünsüzdür: "Müəllim şagirdlərə verdiyi ev tapşırıqlarını yoxladıqda yol verilən səhvləri başa salır və şagirdlər də zamanla bunu düzəldə bilirlər. Ancaq yol hərəkətində buraxılan səhvləri düzəltmək qeyri-mümkündür. O, bir dəfə olur, ya həmin şəxs şikəst olur, ya da dünyasını dəyişir. Ona görə də, düşündüm ki, belə olduğu halda nə üçün uşaqlara yol-hərəkəti qaydaları öyrədilməsin. Çünki uşaq şikəst olubsa, yaxud da dünyasını dəyişibsə, artıq onun həyatı üçün ən vacib hesab edilən fənnin də əhəmiyyəti qalmır".
Yeganə övladını itirsə də, analıq hissi, analıq həyəcanı hər zaman onu izləyir. Şagirdlərinə qayğı ilə yanaşan Fəridə xanım qarşısında əyləşən azyaşlılara yol hərəkəti ilə bağlı suallar verərək onların səhvlərini düzəldir. Həmçinin dərs müddətində şagirdlərin bu bilikləri daha rahat qavraması üçün onlara yeni materiallar, pazllar, sual dolu testlər təqdim olunur: "Qızımın ölümündən iki il sonra ixtisas fənnimdən əlavə olaraq həm də bu cür bilikləri tədris etməyə başladım. Bu haqda məktəblilər üçün konkret bir dərslik olmadığı üçün materialları burada yol hərəkəti qaydalarını tədris edən 17 müəllimlə birgə işləyib hazırlayır, yeni ideyalar üzərində düşünür, fərqli materiallar hazırlayaraq şagirdlər üçün onları çapa veririk. Qeyd edim ki, 1 saylı Uşaq və Gənclərin İnkişaf məktəbi tərəfindən təşkil olunan bu dərnəklər onların 17 müəllimi tərəfindən 15 məktəbdə tədris olunur. Bunun üçün müqavilə əsasında şəhər məktəblərində yol hərəkəti qaydalarını tədris edən bir neçə dərnək açılıb. Bu məşğələlərin illik yükü isə 216 saatdır. İl boyu həmin dərnəklərə qatılan və müxtəlif məktəbləri təmsil edən uşaqlar arasında yarışlar keçirilir, onlar mükafatlandırılır".
Artıq 20 ildən artıqdır ki, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzində uşaqlarla yol təhlükəsizliyi tədris edən Fəridə xanım deyir ki, bu biliklərin qavranılması üçün müxtəlif oyun və yarışlar təşkil edilir: "Məsələn, şagird qutudakı zərlərdən birini seçir və onun üzərində olan nişanlar haqda danışmağa başlayır. Yaxud da içində pazl olan zərflərdən birini seçir və onu yığaraq bizə haqqında məlumat verir".
F.Süleymanova bildirir ki, uşaqların iradı, tapdıqları səhv böyüklərə eləcə də sürücülərə yol verdikləri nöqsanları daha yaxşı yadda saxlamalarına və bu halların bir daha təkraralanmamasına səbəb olur: "Buna görə də azyaşlılara sürücülərin bilməli olduqları qaydaları da öyrədirəm. Çünki biz böyüklər sürücüyə yol verdiyi hansısa səhvini başa saldıqda bu onun yadında qalmaya bilər. Lakin bir uşaq bizdən, eləcə də sürücüdən irad aldıqda, bu onun yadında qalır və yenidən eyni səhvi təkrarlamır".
Bu dərslər nəinki şagirdlərin yol hərəkəti qaydalarını öyrənməsinə səbəb olur, eyni zamanda da evə verilən tapşrııqlara əsasən artıq onların valideynləri də bilmədiyi məlumatlara yiyələnmiş olurlar: "Biz şagirdlərə hər dərs valideynlərinin yol hərəkətində buraxdıqları nöqsanlar haqda yazmalarını tapşırırıq. İlkin tapşırığımız belə olur ki, gələn dərsə qədər kim valideynindən daha çox səhv tutursa, o mükafatlandırılır. Təbii ki, sonradan bizim şagirdlərimizin sayəsində bu say azalır, bəzən isə 0 olur".
Bu isə onu göstərir ki, böyüklərin də şagirdlərdən öyrənməli olduğu məlumatlar heç də az deyil, sadəcə olaraq onları dinləmək lazımdır.
"Hərəkət zamanı bir azyaşlı qolunu pəncərədən çıxartmışdı. Hərəkətdə olan digər avtomobil isə onun qolunu itirməsinə səbəb olmuşdu. Mən isə bir uşağın nəinki qolu, heç bir barmağına da xəsarət gəlməsini istəmərəm", - deyən həmsöhbətimizdən yolunuz açıq olsun, diləyi ilə ayrılırıq...