Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. Bakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər. 7-ci Binəqədi şosesi ərazisində, "Can Təpə" yaşayış massivində yaşayanlar yolun yarımçıq asfaltlanmasından şikayətçidirlər.
Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, əsas yol asfaltlansa da, məhəllədaxili yollara yarıya qədər çınqıl tökülüb: "Burada əhali 2000-ci ildən məskunlaşsa da, qəsəbənin məhəllə yolları bərbad olaraq qalır. Yollarımızın vəziyyətinə baxan yoxdur. Sakinlər öz hesablarına bir neçə dəfə yollara daş töküblər. Amma yollarımızın əsaslı təmirə ehtiyacı var.
Bu yaşayış massivinin yarıdan çoxunda məcburi köçkünlər məskunlaşıblar. Amma uşaqlar dərsə, camaat işə palçığa bata-bata gedib-gəlir. Yollarımız bərbad halda olduğundan buraya yeni avtobuslar da vermirlər. 142 saylı xətt üzrə sınıq-salxaq avtobuslar işləyir. Bir sözlə, dərdimizi kimə deyəcəyimizi bilmirik. Prezidentin tapşırığından sonra gəlib yollarımıza baxış keçiriblər. Yolu yarıya qədər asfaltlayıblar. Məhəllədaxili yollara da çınqıl tökdülər ki, asfaltlanacaq. Amma indi deyirlər ki, məhəllədaxili yollara pul yoxdur asfaltlamağa.
Elə çınqıl qalacaq. Çınqılı isə yarıya qədər töküblər. Yağış yağan kimi çınqıl da maşınların təkərində palçığa qarışıb gedəcək. Biz isə sevinirdik ki, nəhayət ki, uşağı normal, asfalt yolla dərsə aparıb-gətirəcəyik".
Yeni Masazır qəsəbəsi M.P.Vaqif küçəsinin sakinləri də palçıqlı yollarla gedib-gəlməkdən bezdiklərini söyləyirlər: "2000-ci ildən yollarımızın vəziyyəti belə dözülməz durumdadır. Ucqar dağ kəndlərinin yolları bizim qəsəbənin yollarından abaddır. Avtobus dayanacağına qədər yollarımız elə vəziyyətdədir ki, uşaqlar məktəbə çatana qədər üst-başları palçıq olur".
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl Bakıətrafı qəsəbələrin yollarının asfaltlanması barədə tapşırıq verib. Prezidentin bu tapşırığı bəzi Bakıətrafı kəndlərdə ümumiyyətlə icra edilməyib. Bəzi qəsəbələrdə isə işlər yarımçıq görülüb.