BAKI, 20 noyabr — Sputnik. "Monitorinqlərimiz zamanı Naxçıvanda, Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində quraşdırılmış foto-tələ vasitəsilə yeni bəbir videosu çəkilib. Bəbirin burada qida obyektləri əsasən iri dırnaqlı heyvanlar olan bezoar keçisi və muflondur". Bu barədə Ümumdünya Vəhşi Təbiətin Qorunması Fondunun Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Qırmızı Kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş, təbiətin nadir incisi olan bəbirlər son 17 ildə Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu ərazilərində müşahidə olunub.
Qeyd edək ki, Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır. Bəbirlər oturaq həyat tərzi keçirirlər. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.