BAKI, 20 noyabr — Sputnik. Sabah Moskvada Azərbaycanın Birinci xanımının mükafatlandırılması mərasimi keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin şəxsən Azərbaycanın Birinci vitse-prezidentinə “Dostluq” ordeni təqdim edəcək. Gözlənilən tədbir barədə informasiyanı Sputnik Azərbaycan-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması barədə sərəncam avqustun 13-ü imzalanıb.
Rusiyanın “Dostluq” ordeni 2 mart 1994-cü ildə təsis olunub. O, Sovet İttifaqının “Xalqlar Dostluğu” ordenini əvəz edir.
Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Noyabrın 21-i Mehriban Əliyeva eyni zamanda Rusiya Federasiyasının hökumətinin başçısı Dmitri Medvedyevlə də görüş keçirəcək. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti eyni zamanda 22-23 noyabr tarixlərində keçiriləcək Rusiya – Azərbaycan X regionlararası forumda da iştirak edəcək. Tədbirin ikinci günü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Kosmonavtika və Aviasiya" Mərkəzində plenar iclas keçirəcəklər. Həmin gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində rekonstruksiyadan sonra "Azərbaycan" pavilyonunun açılış mərasimi də gözlənilir.