“Dini tənqidə hə, dindarlara nifrətə yox”, “İslamofobiyaya stop”, “Birgə yaşamaq üçün təcili hərəkət etmək lazımdır” kimi şüarlar Parisdə keçirilən islamofobiya əleyhinə yürüşdə səsləndirilib. İslamofobiya əleyhinə küçəyə sıxan insanlar paytaxtın Şimal Vağzalından (Gare du Nord) “Xalq” (Nation) meydanına doğru yürüş ediblər.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Avropada islamofobiya “qara piar” üzərində qurulub:
“Hələ orta əsrlərdən islamla bağlı bütün amillər, hərəkatlar Avropa elitası arasında qeyri-adekvat qəbul olunurdu. Onu olduğundan dəhşətli formada təsvir edirdilər və insanları qorxudurdular. Hazırda baş verənlər onun yeni mərhələsidir. Qərb təbliğat maşını elə vəziyyət formalaşdırıb ki, guya islam təşkilatları qərb mədəniyyətinə müharibə elan ediblər. Ancaq bu qurma prosesin arxasında məkrli niyyətlər və işğalçı imperiya siyasəti dayanır. Bu gün terrora qarşı mübarizə adı altında müstəqil dövlətlər dağıdılır. Ola bilsin ki, Yaxın Şərqdə yeni dövlətlər də bu aqibətlə üzləşsin. Bu hadisələr təsadüfən baş vermir və arxasında siyasi texnoloqlar durur. Hazırda ən böyük təhlükə müsəlman ölkələrinin üzərindədir. Bu heç bir yaxşı perspektiv vəd etmir. Çünki maddiyyat uğrunda gedən bu barışmaz müharibələr sivilizasiyalar arasındakı dialoqa da sirayət edir. Qərb dünyası və müsəlman aləmi arasında yaranan uçurum qlobal savaşa gətirib çıxara bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz