BAKI, 16 noyabr — Sputnik. Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.
Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdiriliblər. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycana verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimal edilir.