BAKI, 15 noyabr — Sputnik. Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Albert Aqarunovun ailə üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək tarixən Azərbaycandakı tolerant və multikultural mühitin müxtəlif xalqların bura gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib: "Azərbaycanda digər yerlərdən fərqli olaraq antisemitizmin olmaması onların burada yaşamasını təmin edib. Yəhudi xalqı tarixən Azərbaycan xalqının həyatında yaxından iştirak edib. Onlardan biri də Albert Aqarunov olub. O, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Onun vətən sevgisi təsadüfi deyil, bu, ilk növbədə Azərbaycan xalqının multikulturalizm mədəniyyətindən irəli gəlir. Azərbaycan dövləti tərəfindən Albert Aqarunovun adı əbədiləşdirilib, onun adına Bakıda və Qırmızı qəsəbədə küçə, oxuduğu məktəbə adı verilib. Onun heykəlinin açılışı da bu diqqətin təzahürüdür".