BAKI, 15 noyabr — Sputnik. "Bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var. Yəqin, bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib. Onun sözlərinə görə, II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəstəliklərindən xəbərsiz olurlar: "Ona görə də həmin xəstələr qeydiyyata düşmürlər. Məktəblərdə valideynlərin və müəllimlərin bu sahədə məlumatlı olması üçün iki il əvvəl Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra qeydiyyata düşənlərin sayında ciddi irəliləyiş əldə olunub. Valideyn çox vaxt övladının diabet xəstəsi olmasını gizlədir. Çünki valideynlər ehtiyat edirlər ki, birdən qızını kimsə almaz və ya oğluna kimsə qız verməz. Bu düşüncələrdən azad olmaq lazımdır. Hətta bir qadın xəstəm olub ki, ana olana qədər həyat yoldaşı onun şəkərli diabet xəstəsi olmasından xəbərsiz olub. İnsulinini hamama duş qəbul etmək adı ilə gedəndə vururmuş".
B.Salek bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb: "Şəkərli diabet xəstəsi olan uşaqların sayı respublika üzrə 1800-dən artıqdır. Hökumət tərəfindən bu xəstələr insulin və dərman vasitələri ilə tam təmin edilir".