BAKI, 14 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil təqdim edilib.
Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.