İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 noyabr — Sputnik. Yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə binalar arasında, eləcə də binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilən "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da öz əksini tapıb.
Qaydalara görə, tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu gün Bakının müxtəlif ərazilərində qaydalara riayət edilmədən, ara məsafələri saxlanılmadan binalar tikilir.
Bu vəziyyətdə istənilən fövqəladə hadisə zamanı və ya hər-hansı bir binanın qəzalı vəziyyətə düşəcəyi halda problemləri aradan qaldırmaq sual altında olacaq.
Bu məsələyə ölkə Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman da toxunub.
O bildirib ki, bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir: “Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır”.
Sputnik Azərbaycan Bakı şəhərində tikinti normativlərinə əməl edilməməsinin səbəblərini araşdırıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, binalar arasındakı məsafələr binanın hündürlüyündən 1,5 dəfə cox olmalıdır.
Və hər binanın mənzil sayına uyğun avtomobil qarajları, həyəti, yaşıllıqları olmalıdır.
E.Fərzəliyevin sözlərinə görə, paytaxtın əksər ərazilərində bu normativlərə əməl olunmur: "Bu normativlər təkcə yaşayış binaları ücün deyil, digər məqsədlər ücün tikilən binalarda da nəzərə alınmalıdır. Böyük biznes mərkəzləri, xəstəxanalar, şadlıq evləri və s. iaşə obyektləri var ki, onların tikilməsi zamanı da normativlərə əməl olunmalıdır".
Ekspert qeyd edib ki, binalar arasında ara məsafələrin az olmasının yaratdığı əsas problemlərdən biri də avtomobil sıxlığının olmasıdır.
"Tikintilər zamanı bir neçə dövlət qurumlarından icazələr alınır və layihələr məhz dövlət qurumlarında təsdiqlənir. Tikinti şirkətlərinin normativlərə əməl etməməsi qanun pozuntusudur, amma buna şərait yaradan dövlət qurumları da məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu gün sıx tikilən binaların hər-hansı birində qəzalı vəziyyət yaranarsa, onu sökmək ona yaxın yerləşən binalarda da ciddi problemlər yarada bilər", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bir binanı inşa edərkən gələcəkdə onun sökülməsini də nəzərə almaq lazımdır: "Bugünkü şəhərsalma normativləri 1986-cı ildə təsdiq olunub. Və 1986-cı ildə Bakının əhalisi təxmini 1700 000 nəfərdən çox deyildi. Sovet dövründə tikilmiş binalar, onlar arasında olan ara məsafələri və yaşıllıqlar həmin ərazinin əhali sayına uyğun hesablanıb, tikilmişdi. Bu gün paytaxt əhalisinin sayı 2 dəfə artıb. Lakin yeniliklər və genişləndirmələr etmək əvəzinə, şəhər içində yeni bir şəhər salınıb. Hətta əksər ərazilərdə köhnə yaşayış binalarının arasında tikilmiş yeni tikililər öz sanitar qovşaqlarını həmin binalar və həmin saya uygun çəkilmiş kanalizasiya və su xətlərinə qoşublar".
Ekspertin fikrincə, elə məhz bu səbəbdən yağış yağan zaman şəhərin bəzi ərazilərində kanalizasiyalar daşaraq, yağış sularının getməsinə mane olur.
"Yeni tikili binalar bəzən tam yolun kənarında inşa olunur və alt mərtəbələrdə ticarət obyektləri tikilir. Əksər hallarda həmin ticarət obyektlərinin qarşısında avtomobil dayanması üçün yerlər nəzərdə tutulmur", - deyə E.Fərzəliyev xatırladıb.
Ekspert qeyd edib ki, son zamanlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şərtlərini sərtləşdirib. Daha doğrusu, tikinti şirkətlərindən normativlərə uyğun hərəkət etmək tələb edilir.
E.Fərzəliyev hesab edir ki, nə qədər acınacaqlı olsa da, bu gün həmin normativlərə uyğun binaların inşa edilməsi üçün paytaxtda torpaq sahələri məhdudlaşıb: "Paytaxtı xilas etmənin təkilf edə biləcəyimiz yollarından biri "Ağ şəhər" layihəsinin digər ərazilərdə də tətbiq edilməsidir. Söküləcək binaların torpaq ərazisi tikinti şirkətlərinə verilsə də, dövlət tərəfindən təqdim etdiyi layihə ilə tikintilər aparılarsa, bu kimi problemlər yaşanmaz".