Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 12 noyabr — Sputnik. Bakıda maye qaz qıtlığı müşahidə olunur. Artıq bir aya yaxındır ki, məişətdə maye qazdan istifadə edən şəxslər yanacaqdoldurma məntəqələrində balonları doldura bilmirlər. Bunun səbəbi haqda isə onlara heç bir dəqiq məlumat verilmir.
Balonları maye qazla doldura bilmədikləri üçün onların elektrik enerjisi üçün aylıq borcu da artıb. Sakinlər bu problemin nədən qaynaqlandığını və nə zaman həllini tapacağından narahatdırlar.
Sputnik Azərbaycan bu narahatlıqlara son qoymaq üçün suallara cavab tapmağa çalışdı. Maraqlıdır, maye qaz qıtlığının yaranmasının səbəbi nədir?
Ünvanladığımız suala cavab olaraq "SOCAR"dan Sputnik Azərbaycan-a açıqlamada bildirilib ki, qaz balonlarının satışı işi təchizatçı şirkət olan "Məişət Maye Qaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bu səbəbdən də hazırda SOCAR-ın heç bir məntəqəsində bu satışlar həyata keçirilmir.
Qurumun mətbuat katibi İbrahim Əhmədov daha öncə SOCAR-ın yanacaqdoldurma məntəqələrində qaz balonlarının satışının həyata keçirildiyini bildirib:
"Maye qazın təchizatı "Məişət Maye Qaz" QSC vasitəsilə həyata keçiriləcək. Sifariş əsasında qurum qaz balonlarının doldurularaq evlərə çatdırılmasını da təmin edəcək. Təchizatçı şirkət belə qərar verib ki, qaz balonlarından istifadə edənlər Azərbaycanda istehsal olunan və daha ucuz olan qazı əhaliyə güzəştli qiymətlərlə satacaqlar. Bizdə olan məlumata görə, daxili istehsal hesabına satılan və məişətdə istifadə üçün nəzərdə tutulan qazın qiyməti əhaliyə 0.45 AZN, idxalla əldə olunan və yanacaqdoldurma məntəqələrində yanacaq doldurma məqsədilə istifadə edilən qazın qiyməti isə 0.65 AZN-ə olacaq".
Məsələ ilə bağlı adıçəkilən qurumla da əlaqə saxladıq. "Məişət Maye Qaz" QSC-nin mətbuat xidmətinin rəhbəri Günel Hacıyeva Sputnik Azərbaycan-a verilən açıqlamasında bunun səbəbinin Heydər Əliyev adına Neft Emalı Zavodunun planlı təmiri ilə əlaqədar olduğunu deyib: "Düzdür, artıq təmir başa çatıb. Qaz qıtlığı həm bununla, həm də son dövrlər kimya sənayesində gedən sürətli inkişafla əlaqədardır. Bu inkişafla əlaqədar olaraq da maye qaza tələbat artıb. Hazırda maye qazın xaricdən idxalı həyata keçirilir. Buna görə də problemlər müşahidə olunur".
"Lakin bu problem zamanla həllini tapacaq. Artıq bəzi yerlərdə maye qaz verilir", - deyə G.Hacıyeva əlavə edib.
Artıq bir aydır ki, yaranan sıxlığın, problemin isə tələbatın bir hissəsinin ödənilməsindən sonra aradan qalxacağı ehtimal edilir.