BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də səhər saat 8 radələrində Bakının Xətai rayonunda yerləşən "Ağ şəhər"də ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, orada fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı çirkab sularının axıdılması üçün quyuya düşüb, orada əmələ gələn qazın təsirindən huşunu itirərək çıxa bilməyib.
Ona kömək etmək üçün quyuya düşən fəhlə yoldaşı, 1974-cü il təvəllüdlü Camaladin Molayev də quyuda qazın təsirindən huşunu itirib. Onlar quyuda qalaraq ölüblər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər quyudan çıxarılıb.
Məsələ ilə bağlı Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər Prokurorluğuna tapşırılıb.