İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 12 noyabr — Sputnik. İaşə obyektlərindən Xəzər dənizinə axıdılan çirkli suların təmizlənməsi və düzgün idarə olunması nazirlik üçün əsas hədəflərdən biridir.
O qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır: "Dəfələrlə şahidi olmuşuq ki, müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli su axıdılır və bunu görənlər isə gözləyir ki, nazirlik gəlsin, tədbir görsün. Amma bu da düzgün deyil. Burada da ictimai qınaq olmalıdır. Çünki Xəzər dənizi hamımızındır. Yalnız nazirlik deyil, cəmiyyətimiz də Xəzərə çirkli su axıdan obyektlərə, şəxslərə irad tutmalıdır. O dənizdə insanlar çimir, istirahət edirlər, əhali balıq məhsullarından istifadə edir. Odur ki, obyekt və müəssisə rəhbərləri yeni texnologiyalar quraşdırmalı və tullantıların dənizə axıdılmasının qarşısını almalıdırlar. Bu məsələdə bələdiyyələr də çox çalışmalıdır".
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai-iaşə obyektləri və şirkətlərə nazirlik nəzarət edir:
"Əgər obyektlər kanalizasiya sistemlərini "AZƏRSU" ASC-nin şəbəkəsinə qoşmursa, dənizə axıdırsa, nazirlik həmin obyektləri cərimə etməli və məcbur etməlidir ki, bizim şəbəkəyə qoşulsunlar. Biz obyektləri şəbəkəmizə qoşulmağa məcbur edə bilmərik".
A.Cəbrayıllı qeyd edib ki, bələdiyyələr, icra qurumları və cəmiyyət bu obyekt sahiblərini qınamalıdır ki, onlar kanalizasiya sularını dənizə axıtmasınlar. Yəni ictimai qınaq vacibdir.
"Həmin ərazilərdə "Azərsu" ACS-nin şəbəkəsi olmasa belə, həmin obyektlər fərdi müəssisə-təşkilatlar üçün mini sutəmizləyici qurğular alaraq, kanalizasiya sularını təmizlədikdən sonra dənizə axıda bilər. Yəni standart budur", - deyə A.Cəbrayıllı vurğulayıb.
Su gələn arxa bir də gəlmir: Kanalizasiya sularını təkrar istifadəyə vermək istəyirlər>>
Məsələ ilə bağlı ekoloq Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələləri cəmiyyət həll etməməlidir:
"Hər bir paytaxt sakini su və kanalizasiya pulu ödəyir. Kanalizasiyanı haraya yönəltmək fikri sakinlərin problemi deyil. Hər bir vətəndaş öz mənzilinin kanalizasiya sistemini müəyyən edilmiş sistemə qoşur".
Ekoloq qeyd edib ki, bu məsələni bilavasitə müvafiq qurumlar həll etməlidir.
Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi insanların sağlamlığına birbaşa təsir göstərir. Əks halda, bütün ekoloji problemlər insanları bu qədər narahat etməzdi.
Çirkab sularının dənizə axıdılması o ərazilərdə yaşayan insanların sağlamlığına da mənfi təsir göstərir.
"Təqribən 2006-2007-ci illərdə bu problemin həll olunması istiqamətində işlərin görülməsinə başlanıldı. Belə ki, həmin dövrdə 4 təmizlənməmiş kanalizasiya borusu birbaşa Bakı bulvarı istiqamətində dənizə axıdılırdı. Həmin vaxt Xəzər tərəfdən əsən küləklərlə güclü üfunət iyi ətrafa yayılırdı. Problem təkcə üfunət iyi deyildi. Eyni zamanda bu ərazilərin havası da sağlamlıq üçün təhlükəli idi", - deyə ekoloq izah edib.