Əhət Mirzəyevin 90 yaşı var və o, artıq 65 ilə yaxındır ki, hər gün səhər saat 6-da durur və öz sənətini davam etdirir. O, bir gününü belə, işsiz təsəvvür edə bilmir.
“Dura bilmirəm, belə öyrəşmişəm. Gərək hər gün bir işlə məşğul olam. Evdə də nə əlimdən gəlir, edirəm”, - deyə Əhət dayı bizimlə bölüşüb.
Ustanın oğlu, Rafiq Mirzəyev də atasının hər səhər tezdən durub qaranlıq düşənə kimi işlədiyini deyir.
“Əvvəllər mane olmaq istəyirdim ki, ağır işlərə girməsin. Amma gördüm ki, işləməyəndə xəstələnir. İşləyəndə isə əksinə, gümrahlaşır. Ona görə artıq mane olmuram”, - deyə oğlu danışıb.
Eyni zamanda 90 yaşlı dülgər rayonda müəyyən işləri bacaran, məsələn, kərəntini saplayan yeganə usta kimi tanınır. Bu işdə böyük bacarıq və təcrübəsinə görə ona rayonun bütün kəndlərindən, hətta qonşu rayonlardan müraciət edirlər.