BAKI, 8 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə "Amirani" kinoteatrının qarşısına xeyli şəhər sakini yığışaraq "Sonra isə biz rəqs edirdik" filminin premyerasına qarşı etiraz edir.
Sputnik Gürcüstan xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Hətta beş etirazçının saxlanıldığı bildirilir. Bir polis maşınının isə şüşələri sındırılıb.
İsveç-gürcü dramının rejissoru Levan Akin filmdə qeyri-ənənəvi sevgidən bəhs edir. Onun qəhrəmanlarından biri, rəqqas Merab iddialı rəqibi İrakliyə aşiq olur. Filmin 8-10 noyabrda Tbilisi və Batuminin bütün kinoteatrlarında göstərilməsi nəzərdə tutulur.
Filmin nümayişinin əleyhdarları bu gün saat 16:00-dan etibarən Tbilisi Konsert zalının qarşısında və yaxınlıqdakı Vere parkında toplaşmağa başlayıblar. Qaranlıq düşəndə isə sayı bir neçə yüzə çatan etirazçılar yaxınlıqdakı Kostava küçəsində yeürləşən kinoteatra doğru yürüşə başlayıblar.
Etirazçılar yolu bağlayaraq polis kordonunu yarıb kinoteatra girməyə cəhd ediblər. Əllərində flayerlər, "Homoseksuallığın təbliği və qanuniləşdirilməsi xalqın soyqırımıdır" şüarları olan etirazçılar "Gürcüstan" və "Yaşasın Gürcüstan" qışqırırlar.
Polis kordonuna təzyiqin artdığını görən DİN təhlükəsizlik tədbirlərini gücləndirib. Binanın qarşısına kaskalı və qalxanlı polislər yerləşdiriliblər.
Burada əllərində şam tutmuş, dua oxuyan din xadimlərini də görmək olar.
Bildirilir ki, kinoteatrda aksiyanın qızışdığı anda 20-dək adam olub. Ancaq film üçün bütün biletlər satılıb. Polis əlində bilet olan vətəndaşları kinoteatra salmağa çalışıb. Hazırda filmin nümayişi keçirilir.
Aksiyanın təşkilatçısı biznesmen Levan Vasadze və "Gürcü marşı" təşkilatıdır. Onlar hələ bir neçə gün əvvəl filmin premyerasına imkan verməyəcəklərini bildiriblər.