Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 6 noyabr — Sputnik. "Badamdar qəsəbəsinin sürüşmə zonası hesab edilən həyətyanı sahələrində platforma hazırlanır. Terrasın yaradılması üçün işlər görülür. Təxminən 10 metrlik 3 terras yaradılmalıdır ki, onların da biri həyətyanı əraziyə düşməlidir. Terrasların yaradılması üçün 167 metrlik ərazi boşaldılmalıdır. Hazırda ərazidə işə başlamaq üçün hasarlar sökülür, tikinti tullantıları ərazidən uzaqlaşdırılır". Bu sözləri Sputnik Azərbaycana-a açqılamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə İnstitutunun şöbə rəisi Ramiz Rzayev deyib.
Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə ilə bağlı vəziyyət nisbi stabil olaraq qalır: "Lakin bununla demək olmaz ki, dərin qatlarda proseslər gedir, yaxud da getmir. Biz təhlükəni azaltmaq üçün müəyyən tədbirlər görürük. Ərazidən 8 min 700 kub metr torpaq götürülməlidir. Bu baş verdikdən sonra təxminən 15-16 min ton torpaq yükü azalacaq. Yuxarı hissədə yükün azalması isə sürüşmə ehtimalını azaldır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov sürüşmə zonası olan bölgələrdəki vəziyyətdən danışıb: "Respublikanın Şamaxı, İsmayıllı və şimal bölgələrində monitorinq aparılıb. Ötən aylarla müqayisədə sürüşmə ərazilərində elə böyük bir fərq nəzərə çarpmır. Yağışların, atmosfer yağıntıları və təbii amillərin sürüşmə ərazilərinə təsiri müəyyən edilməyib. Bu da ərazidəki vəziyyətin nisbi stabil olmasının göstəricisidir".
"Bundan başqa, noyabrın növbəti 10 günlüyündə Kiçik Qafqaz, Talış zonasındakı vəziyyətlə bağlı monitorinq aparılacaq. Nəticə etibarilə aylıq bülletenlər hazırlanacaq və sürüşmə ərazilərindəki son vəziyyət haqda məlumatlar komplektləşdiriləcək", - deyə o əlavə edib.