BAKI, 7 noyabr — Sputnik. Süd və süd məhsullarındakı, əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, gündəlik qida rasionumuzun önəmli hissəsini təşkil edən süd və süd məhsulları zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil.
Həyat boyu davam edən autizm uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.
Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm "in vitro", həm də "in vivo" azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu, zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə, radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər.
Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır. Autizmli uşaqlarda kazein və qlütendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə, streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir.