BAKI, 7 noyabr — Sputnik. "Azərbaycanda son vaxtlar yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik oldu, xüsusən yay aylarında".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.
Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanıb. Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə bu işlər gələn il başa çatacaq.
Regionlarda suyun keyfiyyətinə toxunan Q.Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda Su-kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələlərdə laboratoriyaları avadanlıqlarla, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun, gələcəkdə isə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir".